BMT Baş Assambleyasının 75-ci sessiyasında Baş katib tribunadan çıxış edəcək, dövlət başçılarının əksəriyyəti öz çıxışlarının videoyazılarını göndərəcəklər

BMT Baş Assambleyasının 75-ci sessiyasında Baş katib tribunadan çıxış edəcək, dövlət başçılarının əksəriyyəti öz çıxışlarının videoyazılarını göndərəcəklər

Bu il dövlət və hökumət başçılarının əksəriyyəti BMT Baş Assambleyasının 75-ci sessiyasının Nyu-Yorkda keçiriləcək açılış mərasiminə gəlməyəcək – onlar öz müraciətlərinin əvvəlcədən hazırlanmış videoyazılarını göndərəcək və ümumi siyasi diskussiyada çıxış edəcəklər.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Baş katibin mətbuat katibi Stefan Düjarrikin sözlərinə görə, Baş katibin beynəlxalq birliyə Baş Assambleyanın tribunasından müraciət edəcəyi gözlənilir.

Düjarrik vurğulayıb ki, əgər dövlət və hökumət başçılarından kimlərsə Nyu-Yorka gəlmək və “canlı” çıxış etmək istəyərsə, onların belə hüququ var, lakin bu halda çoxsaylı əlavə çətinliklər yaranacaq.

BMT-nin rəhbərinə gəldikdə isə, mətbuat katibinin sözlərinə görə Antonio Quterreş məzuniyyətdən qayıdıb, Nyu-York ştatının hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq iki həftə karantində qalıb, indi isə artıq təşkilatın qərargahındakı kabinetində iş başındadır.

BMT nümayəndəsi daha sonra bildirib ki, Baş katib Baş Assambleyanın 75-ci sessiyasında ümumi debatlar həftəsi çərçivəsində keçiriləcək iki tədbirdə iştirak edəcək. Sentyabrın 16-da, ümumi siyasi diskussiyanın başlanması ərəfəsində Baş katib ənənəvi mətbuat konfransı keçirərək qarşıdakı iclaslar barədə danışacaq və jurnalistlərin suallarına cavab verəcək.

Xatırladaq ki, mart ayında ABŞ-da koronavirus infeksiyasının sürətlə yayıldığı ilk şəhərlərdən biri Nyu-York olub: o vaxt yüz minlərlə insan koronavirusa yoluxmuş, xəstəxana və meyitxanalar dolmuş, sərt izolyasiya rejimi tətbiq edilmişdi. Şəhərdə həyat sanki dayanmışdı: məktəblər, muzeylər, teatr və restoranlar bağlanmışdı. Birləşmiş Millətlər Təşkilatı da öz işçi heyətini distans iş rejiminə keçirmişdi.

Son aylarda Amerikanın ən böyük meqapolisində vəziyyəti nəzarət altına almaq mümkün olub: xəstəlik geri çəkilib, lakin hələ təslim olmayıb. BMT-nin qərargahı bütün ehtiyat tədbirlərinə ciddi riayət etməklə tədricən normal iş rejiminə qayıdır. Bu sözlər Baş katibin iştirakı ilə keçirilən mətbuat konfransına da aiddir.

BMT-nin mətbuat katibi deyib: “Biz istəyirik ki, mətbuat konfransı bir qrup jurnalistin fiziki iştirakı ilə bu otaqda keçirilsin, lakin hər şey səhiyyə sahəsində vəziyyətdən asılıdır. Məsələn, sosial məsafəyə riayət edilməsi və virusun yayılmasının qarşısının alınması üçün BMT-də akkreditasiyadan keçmiş jurnalistlərin hamısı zala buraxılmayacaq. BMT-də akkreditə edilmiş mətbuat nümayəndələrinə öz təmsilçilərini seçməyi təklif ediblər.

BMT-nin mətbuat katibi daha sonra bildirib ki, sentyabrın 9-da Baş katib və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri ÜMT-nin illik məruzəsinin təqdimatında iştirak edəcəklər. Sentyabrın 21-də İst-Riverdəki qərargahda BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli görüş, sentyabrın 28-də gənclər forumu, sentyabrın 29-da isə inkişafın maliyyələşdirilməsinə dair tədbir keçiriləcək.

Sentyabrın 30-da dünya ölkələrinin nümayəndələri biomüxtəliflik probleminə dair sammitə toplaşacaq, oktyabrın 1-də 1995-ci ilin sentyabr ayında Qadınların vəziyyətinə dair dördüncü ümumdünya konfransının yekunlarına əsasən qəbul edilmiş Pekin Bəyannaməsinin 25-ci ildönümünü qeyd edəcəklər. Oktyabrın 2-də Nüvə silahının tamamilə ləğv edilməsi uğrunda Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir keçirilməsi planlaşdırılır.

2020-08-28