Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Avstraliyaya işgüzar səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə daxildirlər.

Viktoriya ştatının paytaxtı, Avstraliyanın ikinci ən böyük şəhəri Melburna gələn Azərbaycan nümayəndə heyəti bu ştatın parlamentini ziyarət edib. Burada parlamentin indiki və sabiq spikerləri, o cümlədən millət vəkilləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı Viktoriya parlamentinin üzvləri ilə Avstraliya və Azərbaycan arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Eyni zamanda, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın yüksək səviyyəsi nəzərə alınaraq, Viktoriya parlamenti ilə də əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi edən deputatlarımız, avstraliyalı həmkarlarını Xocalı soyqırımı haqda da ətraflı məlumatlandırıblar. Görüşlərdə Viktoriya ştatında yaşayan Azərbaycan icması barədə də geniş məlumat verilib.

Ştatın parlamentinin spikeri Kolin Bruks və sabiq spikeri Brüs Atkinson ilə görüşdə nümayəndə heyətinin üzvləri Azərbaycanda həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Avstraliyanın federal və Qərbi Avstraliya ştatının parlamentlərində iki ölkənin deputatlarından ibarət dostluq qruplarının göstərdiyi fəaliyyət nəzərə alınaraq, belə bir təcrübənin Viktoriya parlamentində tətbiqinin qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi qeyd edilib. Viktoriya parlamentində də Azərbaycan ilə parlamentlərarası dostluq qrupu yaradılmasının məqsədəuyğun olduğu vurğulanıb. Qeyd edilib ki, belə bir qrupun yaradılması, eyni zamanda, idman, mədəniyyət, təhsil və ticari-iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərə bilər. Azərbaycan haqda son illər Avstraliyada çox danışıldığını bildirən spiker Kolin Bruks ölkəmizə dəvətdən məmnun olduğunu bildirib. İlk fürsətdə Azərbaycana səfər etmək niyyətində olduğunu deyib.

Azərbaycan nümayəndə heyətinin Melburna səfəri çərçivəsində növbəti görüş türk əsilli millət vəkili xanım Nazlı Süleyman ilə keçirilib. Görüşdə Melburnda yaşaya türk və Azərbaycan icmalarının birgə fəaliyyət göstərməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu icmaların əlbir fəaliyyəti həm Azərbaycanın, həm də Türkiyənin Avstraliyada təbliği istiqamətində mühüm nəticələr verə bilər. Eyni zamanda, görüşdə Viktoriya parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Xanım Nazlı Süleyman bu əməkdaşlığın inkişafı üçün lazım olan köməyi göstərməyə hazır olduğunu bildirib.

Viktoriya ştatının millət vəkili, kölgə hökumətinin multikulturalizm naziri Nil Anqus ilə görüşdə bu ştatda yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığı xüsusi qeyd edilib. N.Anqus bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil olunan tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır.

Görüşdə, həmçinin müasir dünyada multikulturalizm dəyərlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, həm Azərbaycan, həm də Avstraliya multikulturalizm və dini dözümlülük kimi dəyərləri bütün dünya ilə bölüşürlər və bu müsbət nümunə olaraq yüksək qiymətləndirilməlidir. Azərbaycanın həyata keçirdiyi multikulturalizm və tolerantlıq ideyalarının təqdirəlayiq hal olduğu və bunun Avstraliya ilə, o cümlədən Viktoriya ştatı ilə münasibətlərə müsbət təsiri qeyd edilib. Azərbaycanın bu sahədə təcrübəsinin bir sıra dövlətlər üçün nümunə olduğu xüsusi vurğulanıb. Viktoriya parlamentində ikitərəfli dostluq qrupunun yaradılması barədə təklifi çox müsbət qarşılayan Nil Anqus, bu barədə parlamentin rəhbərliyi ilə bir daha ciddi şəkildə müzakirələr aparacağını bildirib.

Nümayəndə heyətinin keçirdiyi görüşlərdə qarşı tərəf Azərbaycanın Xocalı şəhərində Ermənistan qoşunları tərəfindən törədilən faciə barədə də məlumatlandırıılıb. Viktoriya ştatının millət vəkilləri Azərbaycanın kədərini bölüşdüklərini, bu cür faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Görüşlərdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir.

2019-02-22