Azərbaycan-Pakistan parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan-Pakistan parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Əsəd Qayser ilə görüşüb.

Əli Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bu dövlətin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. İki ölkə rəhbərləri arasındakı yaxın dostluq və qardaşlıq əlaqələrinin, onların davamlı görüşlərinin ölkələrimizin münasibətlərinin ən yüksək səviyyədə təşəkkül tapmasına şərait yaratdığını vurğulayan səfir Azərbaycan ilə Pakistanın bütün beynəlxalq məsələlərdə bir-birini dəstəklədiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı son təxribatları və məkrli niyyətləri haqqında məlumat verən səfir Pakistan Hökumətinin ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə və işğalçını qınadığına görə təşəkkür edib. Əli Əlizadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunu qeyd edib, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Milli Assambleyasının xarici işlər üzrə daimi komitələrinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etməsinin bu dostluğun və qardaşlığın təzahürü olduğunu, daim minnətdarlıqla qarşılandığını vurğulayıb.

Əsəd Qayser Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, rəsmi İslamabadın ölkəmizlə siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ məsələsində Pakistanın daim Azərbaycanın yanında olduğunu və onu dəstəklədiyini bildirən spiker Dağlıq Qarabağ və Kəşmir münaqişələrinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin zəruriliyini bildirib.

Parlamentlərarası münasibətlərin önəmini vurğulayan Əsəd Qayser Azərbaycan parlamenti ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini, bununla yanaşı, iqtisadi-ticari sahələrdə də əməkdaşlığın genişlənməsi üçün səylərin artırılacağını qeyd edib.

2020-09-08