“Çin-Azərbaycan: kənd təsərrüfatı üzrə ticarət imkanları” layihəsi Çində müsabiqənin qalibi olub

“Çin-Azərbaycan: kənd təsərrüfatı üzrə ticarət imkanları” layihəsi Çində müsabiqənin qalibi olub

Çinin Ciansu vilayətinin Nankin şəhərində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində xarici tələbələr arasında "İnnovativ düşüncə və sahibkarlıq" müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə 30 ölkəni təmsil edən tələbə və müxtəlif şirkət nümayəndələri yarışıblar. Vilayət hökumətinin xüsusi əhəmiyyət verdiyi müsabiqədə Azərbaycanı Nankin Kənd Təsərrüfatı Universitetinin doktorantı Faiq Ağabalayev və magistri Çingiz Davıdov “Çin-Azərbaycan: kənd təsərrüfatı üzrə ticarət imkanları" layihəsi ilə təmsil ediblər. Layihə Azərbaycanın rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsullarının, xüsusən də şərab və zəfəran mobil tətbiq vasitəsilə Çində təşviqi və satışının təşkilini təklif edir. Çinli ixracatçılar və sahibkarlar həmin mobil tətbiq vasitəsilə Azərbaycan məhsulları ilə tanış ola və ixrac edə bilərlər.

Azərbaycanlı tələbələrin təqdim etdiyi layihə ən yüksək balı toplayaraq 30 ölkə arasında qalib olub. Onlara vilayət hökumətinin mükafatları təqdim olunub.

Qeyd edək ki, son illər Azərbaycanın qeyri-neft sektorunda istehsal edilən məhsulların xarici bazarlarda, o cümlədən Çində tanıdılması və satışının təşkili istiqamətində böyük işlər görülüb. Buna Çinə ixrac missiyalarının təşkili, Azərbaycan məhsullarının Çində keçirilən sərgilərdə nümayişi, ticarət və şərab evlərinin fəaliyyəti, Çinin marketlər şəbəkələrində məhsullarımızın satışı, müxtəlif tanıdıcı tədbirlər daxildir.

2020-09-16