UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin ilk iclası keçirilib

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri iştirak edib.

İclasda çıxış edən IFAP-ın Azərbaycan Komitəsinin sədri, NRYTN-in informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov IFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək onun həyata keçirilməsi üzrə 2018-ci ildə görülmüş işlər və qarşıda duran tədbirlər haqqında məlumat verib. Bildirib ki, “İnformasiya hamı üçün” Proqramı UNESCO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. IFAP-ın əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdən ibarətdir. Ümumilikdə, 59 ölkədə IFAP Milli Komitəsi fəaliyyət göstərir. Proqram 6 prioritet sahəni – “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” məsələlərini özündə birləşdirir.

R.Əzizov qeyd edib ki, Azərbaycanda IFAP Milli Komitəsi 2008-ci ildən fəaliyyət göstərir. Ötən ildən isə IFAP-ın Azərbaycan Komitəsinin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri tərəfindən 2018-ci il sentyabrın 11-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 2019-cu il yanvarın 29-da isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

İclasın gedişində sözügedən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin müzakirəsi aparılıb.

2019-02-28