İtaliya mətbuatında Sumqayıtdakı “SOCAR Polymer” zavodundan bəhs olunub

İtaliya mətbuatında Sumqayıtdakı “SOCAR Polymer” zavodundan bəhs olunub

İtaliyanın “polimerica.it” xəbər saytında “Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer”in ildə 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək zavodu istismara verilib” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə sənaye kompleksinin fəaliyyətə başlaması, daxili bazarın tələbatının tam təmin olunmasi və məhsulun 75 faizi xarici bazarlara ixrac ediləcəyindən danışılır.

Yazıda kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 15 faiz, ümumi daxili məhsulun həcmi isə 14 faiz artacağı bildirilir. Qeyd edilir ki, zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.

Diqqətə çatdırılır ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında 2013-cü ildə yaradılmış ilk şirkətdir.

Qeyd edilir ki, şirkətin səhmlərinin 52 faizi dövlət neft şirkətinə məxsusdur. Digər səhmdarlar isə “Vitol” (19 faiz), “Paşa Holding” (9,9 faiz), “Ecoland” (9,8 faiz), “Polimer Investments” (5 faiz) və “AKKIK” (4,1 faiz) şirkətləridir.

Layihə “Maire Tecnimont”, “FLUOR”, “LyondellBasell”, “INEOS”, “Golder Associates” kimi tanınmış dünya brendləri ilə əməkdaşlıq sayəsində icra edildiyi və layihənin investisiya dəyərinin 60 faizi Rusiyanın “Qazprombank”ından cəlb edilmiş vəsait hesabına ödənildiyi diqqətə çatdırılır.

Yazıda ötən ilin iyul ayında Polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella da iştirak etdiyi xatırladılır.

2019-03-04