Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib

Martın 5-də Dünya Dağ Yəhudiləri Konqresi Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, təqdimatın açılışında çıxış edən Konqresin prezidenti Akif Gilalov kitabın dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər qrupunun fundamental əsəri olduğunu bildirib.

Tədbirdə Azərbaycanın və Qafqazın dağ yəhudilərinin tarixi barədə “Azərbaycanın dağ yəhudiləri: Qafqaz Qüdsü və ya kiçik xalqın böyük taleyi” adlı film nümayiş etdirilib.

Azərbaycandakı Avropa yəhudilərinin ravvini Şneyor Seqal qeyd edib ki, Azərbaycanda dağ yəhudilərinin taleyi çox mətləblərdən, ən əsası Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini Paolo Qrimoldi bildirib ki, tolerantlığın və dini dözümlülüyün təcəssümü olan Azərbaycan dostluq və tərəqqi nümunəsidir. Burada müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar.

Milli Məclisin deputatı, publisist Elmira Axundova, tarixçi Fuad Axundov öz çıxışlarında dövlətimizin daim bərabərhüquqlu vətəndaşları olan, ölkəmizin quruculuq həyatında fəal iştirak edən, azərbaycanlılarla bərabər ölkəni müdafiə edən dağ yəhudilərinin Azərbaycanda yaşaması tarixindən söhbət açıblar.

Tədbirdə nadir fotoşəkillərdən və arxiv sənədlərindən, dağ yəhudilərinin ənənəvi sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil edilib, həmçinin musiqi kollektivlərinin çıxışı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

2019-03-05