Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri, bankın dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə uzunmüddətli və səmərəli əməkdaşlığı yüksək qiymətləndirib və bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyini xüsusilə qeyd edib. Nazir energetika sektorunda aparılan islahatlar, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı bank ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bankın prezidenti S.Çakrabarti hazırda enerji sahəsində əməkdaşlığın fəaliyyət dairəsinin geniş olduğunu vurğulayaraq, icra prosesində olan layihələrin effektivliyinin təmin edilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyini davam etdirəcəyini bildirib.

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoymaq imkanları, bu sahədə aparıcı ölkələrlə təcrübə mübadiləsi, enerji səmərəliliyinə dair məsələlər də nəzərdən keçirilib.

2019-03-06