Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib

Oktyabrın 4-də Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumunu pisləyir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistan ilə Azərbaycan arasındakı hərbi toqquşmalar zamanı Azərbaycan Respublikasının Xocalı şəhəri və Dağlıq Qarabağ bölgəsinə dəymiş zərər və insanlıq əleyhinə cinayətlərlə bağlı dərin narahatlığını bildirir, hadisə nəticəsində həlak olanların yaxınlarının dərdinə şərik olaraq bu iki qonşu ölkə arasında problemin birdəfəlik həllini və bu hadisənin səbəbkarlarının mühakiməsini istədiyini bildirir. Sənəddə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ən qısa zaman ərzində icra edilməsinə çağırış əks olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsində bu ölkə ilə qəti şəkildə həmrəy olduğunu bəyan edir. Milli Şuranın Yuxarı Palatası, həmçinin sözügedən məsələyə dair dərhal öz mövqeyini bildirdiyi üçün Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edir.

2020-10-04