Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilib

Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisinin Soğanlıq (Poniçala) qəsəbəsində Azərbaycana dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə təşkil olunana aksiyada əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Hər iki ölkənin azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsi ehtiramla yad olunub.

Aksiyada qəsəbə sakinləri ilə yanaşı, Tbilisi, Marneuli, Dmanisi, Bolnisi və digər bölgələrdən olan soydaşlarımız iştirak ediblər.

Əllərində Azərbaycanın, Gürcüstan və Türkiyənin bayraqlarını, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!” “Azərbaycan biz səninləyik!” plakatlar tutmuş gənclər Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər.

Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, mülki insanları və yaşayış məntəqələrini hədəfə almasını, Gəncə şəhərinin raket atəşinə tutmasını kəskin qınayıblar.

Sonda dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

Sənəddə Ermənistanın terrorçu dövlət olduğu xüsusi qeyd olunur.

Bildirilir ki, Dağlıq Qarabağda baş verənlərə görə, məsuliyyət təcavüzkar Ermənistan rəhbərliyini üzərinə düşür. İşğal olunmuş torpaqları azad etmək Azərbaycan Ordusunun haqq işidir.

Müraciətdə beynəlxalq təşkilatlardan təcavüzkar Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmək tələb olunur.

2020-10-04