Azərbaycan Ordusu tərəfindən Qubadlıda “S-300” idarəetmə sistemi məhv edilib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən Qubadlıda “S-300” idarəetmə sistemi məhv edilib.  Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Vyetnamda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: son gərginlik və münaqişənin regional təhlükəsizliyinə təsiri” mövzusunda dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Vyetnamdakı səfirliyinin təşkil etdiyi tədbirin məqsədi Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribat nəticəsində yaranmış vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinin atəşə tutulması, nəticədə mülki əhali arasında ölən və yaralananlar, habelə Azərbaycan Ordusunun bu hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatı, ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti barədə Vyetnam ictimaiyyətinə məlumat vermək olub.

Vyetnamın dövlət qurumlarının nümayəndələrinin, hakim Kommunist Partiyasının rəsmilərinin, diplomatik korpusun təmsilçilərinin, jurnalistlərin iştirak etdikləri tədbirdə səfir Anar İmanov Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, regionun sabitliyi və inkişafına təsiri, Xocalı soyqırımı, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi, beynəlxalq təşkilatların qətnamələri haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir. Bu fakt münaqişənin həll olunmamasının əsas səbəbidir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının bütün dövlətlər üçün icrası məcburi olan qətnamələrini yerinə yetirməməsinin səbəbi beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə və təcavüzün qurbanı Azərbaycana eyni münasibət göstərməsidir.

Səfir A.İmanov Ermənistan Yaxın Şərqdən, əsasən, Suriya və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə mütəmadi şəkildə etnik erməniləri köçürdüyünü, bununla da beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə protokollarının müddəalarını pozduğunu bildirib.

Ermənistanın sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi hərbi təxribat barədə məlumat verən diplomat Ermənistan ordusunun cəbhəyanı zonada yerləşən Azərbaycanın yaşayış məntəqələri ilə yanaşı, döyüş bölgəsindən uzaq məsafədə yerləşən şəhər və kəndlərini də atəşi tutduğunu, nəticədə mülki əhali arasında ölən və yaralananların olduğunu deyib. Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə alması Ermənistanın terrorçuluq siyasətinin aydın təzahürüdür.

Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatına başlayıb. Artıq bir sıra yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri Ermənistan işğalçılarından azad edilib, Ermənistan ordusu böyük itkilərlə üzləşib.

Səfir Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərlə müşayiət olunan Ermənistanın son təxribatının bütün cəmiyyətimizi səfərbər etdiyini, ölkəmiz tərəfindən BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında özünümüdafiə hüququ çərçivəsində həyata keçirilən cavab tədbirləri ətrafında milli və siyasi həmrəyliyin olduğunu bildirib. Bu xüsusda Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya tərəfindən verilmiş birgə bəyanatda Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar təqdir edilib və qətiyyətlə dəstəklənib.

Bildirilib ki, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini təmin edərək, ölkəmizin ərazi bütövlüyünü tam olaraq bərpa etmək niyyətindədir. Beynəlxalq hüquq işğalçı dövlətlər ilə bağlı beynəlxalq ictimaiyyətinin konkret öhdəliklərini özündə ehtiva edir. Bu öhdəliklər işğalçı dövlətlərə qarşı müxtəlif növ təzyiqləri göstərməklə onları işğala son qoymağa sövq etməkdən ibarətdir. Bu xüsusda Azərbaycan beynəlxalq tərəfdaşlarından, o cümlədən Vyetnamdan işğalçı Ermənistandan işğala son qoymağı tələb edərək, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinin dəstəklənməsini gözləyir.

Türkiyənin Vyetnamdakı səfiri Haldun Tekneci regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə çağırıb və münaqişənin həlli ilə bağlı Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasını, beynəlxalq normalara riayət etməsi üçün Ermənistana ciddi təzyiq göstərməsinin vacibliyinə toxunub.

Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə və şəhərlərinə atəş açmasını qəti şəkildə qınayan səfir H.Tekneci Ermənistanın öz təxribatını ört-basdır etmək üçün Türkiyəyə qarşı böhtan kampaniyasına əl atmağa çalışdığını bildirib. Diplomat bildirib ki, bu iddialar Ermənistanın beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün qara təbliğatdan istifadə etməkdən başqa bir şey deyil. Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya sübut etdi ki, onların uğur qazanmaq üçün imkanları, habelə işğal altındakı ərazisini azad etmək üçün qətiyyəti və əzmi var. O, Azərbaycanın öz əzəli torpaqlarını istənilən yolla azad etmək hüququna malik olduğunu və bu hüququn beynəlxalq hüquqla müəyyənləşdirildiyini bildirib.

Fələstin Dövlətinin səfiri, diplomatik korpusun duayeni Saadi Salama Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən sentyabrın 28-də qəbul olunan bəyanat barədə ətraflı məlumat verib. O, İƏT–in Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı itkilərin olmasından narahatlığını ifadə etdiyini diqqətə çatdırıb. İƏT Ermənistan hərbi qüvvələrinin Azərbaycan torpaqlarının işğalını və davamlı olaraq təkrarlanan təxribatlarını pisləyərək, Azərbaycan ilə həmrəyliyini ifadə edib, BMT-nin Təhlükəsizlik Şurasının və İƏT-in münaqişə ilə bağlı qətnamələrinin həyata keçirilməsinə çağırıb.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru Dao Suan Tien Dağlıq Qarabağın tarixi barədə ətraflı məlumat verib, faktlar gətirərək Qarabağın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycan tarixinin bütün dövrlərində, o cümlədən ölkəmizin Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu zaman Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair materiallardan və sənədlərdən bəhs edib.

Dao Suan Tien ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə də ətraflı danışıb, həmçinin işğal altında olan ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələrin məhv edildiyini deyib. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda aparılan qanunsuz arxeoloji qazıntılar, qədim dövrlərə aid maddi mədəniyyət nümunələrinin özününküləşdirilməsi vandalizm aktlarıdır.

Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə Azərbaycanın ərazisi kimi tanındığını vurğulayan Dao Suan Tien Azərbaycanın yaxın zamanda öz ərazi bütövlüyünü bərpa edərək, regionda sülhün bərqərar olmasına nail olacağına inandığını bildirib.

Vyetnamın Frankofoniya İnstitutunun direktoru Nqo Tu Lap ölkəsinin uzun illər müharibədən əziyyət çəkməsi səbəbindən Azərbaycan xalqını yaxşı başa düşdüyünü, Ermənistanın dinc əhaliyə qarşı hərbi əməliyyatlarını pislədiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının qəbuledilməz olduğunu bildirib.

Sonra dəyirmi masa iştirakçıları arasında mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.

Tədbir zamanı Azərbaycan həqiqətlərini əks etdirən foto və video materiallardan geniş istifadə edilib, Xocalı soyqırımına dair sənədli film nümayiş olunub. Həmçinin səfirlik tərəfindən Vyetnam dilində dərc edilən “Erməni terrorçuluğu” və “Xocalı soyqırımı” adlı kitablar, “İRS” jurnalının Vyetnam dilində buraxılışları və digər materiallar iştirakçılara təqdim olunub.

2020-10-10