Azərbaycan QHT-ləri düşmənin Gəncəni atəşə tutması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarına müraciət ediblər

Azərbaycan QHT-ləri düşmənin Gəncəni atəşə tutması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarına müraciət ediblər

Azərbaycanda uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan 75 qeyri-hökumət təşkilatı işğalçı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində aralarında qadın və uşaqların da olduğu mülki şəxslərin həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarına müraciət ediblər.

AZƏRTAC-a daxil olan müraciətdə işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə Ermənistanın israrlı xahişləri əsasında keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam etdikləri diqqətə çatdırılıb: “Təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir. Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 02 radələrində Azərbaycanın ikinci ən böyük şəhəri, 500 mindən çox əhalisi olan və cəbhə xəttindən 80 kilometr uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə raket atəşinə tutulub.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır”.

Müraciətdə xüsusi vurğulanıb ki, atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və dinc əhalini hədəfə alaraq qətlə yetirməsi və yaralaması tarixdə görünməmiş alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, işğalçı ölkə əldə olunan razılaşmaya, imzaladığı sənədə heç vaxt əməl etmir. Digər tərəfdən, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələrin mövqeyini və çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi Ermənistanın indiyədək cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

“Biz, uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti institutlarına müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Ümid edirik ki, ABŞ, Rusiya və Fransa ictimaiyyəti də Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və Ermənistanın cəzalandırılmasını tələb edəcəklər”, - deyə müraciətdə qeyd olunub.

2020-10-11