Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Oktyabrın 14-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Spiker Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib, təşkilatın Bakıdakı ofisinin ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirakını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Sahibə Qafarova BMT-nin bu münaqişəyə dair 4 qətnaməsinin Ermənistan tərəfindən bu günədək yerinə yetirilmədiyini təəssüf hissi ilə qeyd edib. Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu təşkilatın qərarlarına məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib. Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur.

Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.

Qeyd edilib ki, Milli Məclis yaranmış vəziyyətlə əlaqədar bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

S.Qafarova deyib ki, Azərbaycan problemin beynəlxalq hüququn normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə öz davranışları ilə beynəlxalq hüquqa məhəl qoymadığını bütün dünyaya nümayiş etdirir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai səmimi görüşə və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin Sədrinə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İshaqzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.

Sonra qonaq qlobal pandemiya - COVID-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, BMT-nin Bakı ofisi bu məsələ ilə əlaqədar TƏBİB-lə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.

Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

2020-10-15