Fransanın Ankaradakı səfirliyinin qarşısında Azərbaycana dəstək aksiyası keçirilib

Fransanın Ankaradakı səfirliyinin qarşısında Azərbaycana dəstək aksiyası keçirilib

Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən aksiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiyada Ankarada yaşayan, çalışan və təhsil alan vətəndaşlarımız, eyni zamanda yerli ictimaiyyətin fəal nümayəndələri iştirak ediblər.

Əllərində “Qarabağ Azərbaycandır!”, “Erməni işğalçı siyasətinə son qoyulsun”, “Ermənistan Azərbaycana qarşı müharibə cinayətləri törədir” və sair şüarlar tutan iştirakçılar Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq sülhsevər dünya ictimaiyyətinə ədalətli olmaq çağırışları ediblər.

Sonra TADƏHF-in sədri, professor Aygün Attar aksiyanın bəyanatını oxuyub. Bəyanatda deyilir ki, Türkiyədə fəaliyyət göstərən onlarla ictimai təşkilat tələb edir: “Ermənistanın terrorunu dayandırın. Tərəfinizdən qeyri-qanuni yollarla gücləndirilən terrorçu Ermənistan ordusunu və müdafiə etdiyiniz terror aksiyalarını Azərbaycandan çəkin! Axan qanları dayandırın! Uşaqlar ölməsin, ailələr dağılmasın, bombalar yağmasın, bu haqsız işğalı dayandırın! Ermənistan insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan simasını bir daha dünyaya göstərmişdir. Ermənistan Qarabağdan, Fransa ATƏT-dən çəkil”.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın imzası ilə təsdiqlənən sənəd Fransanın Türkiyədəki səfirliyinə təqdim olunub.

2020-10-16