Azərbaycan idmançısı ağır atletika üzrə dünya birinciliyində bürünc medal qazanıb

Azərbaycan idmançısı ağır atletika üzrə dünya birinciliyində bürünc medal qazanıb

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də mübarizə aparırlar.

Martın 14-də idmançımız Əli Şükürlü komandamızın aktivinə bürünc medal yazdırıb. Çempionatda 102 kiloqram çəki dərəcəsində çıxış edən atletimiz birdən qaldırma hərəkətində 125 kiloqramı ram edərək üçüncü yeri tutub. O, təkanla qaldırmada uğurlu çıxışını davam etdirib. Belə ki, 155 kiloqramı başı üzərinə qaldıran idmançımız bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kiloqram (125+155) nəticə göstərən Ə.Şükürlü yekun sıralamada üçüncü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Xatırladaq ki, buna qədər Azərbaycanın yeniyetmə idmançılarından Nailxan Nəbiyev və Azər Məmmədli medal qazanıblar.

2019-03-14