Nikol Paşinyan müharibənin labüdlüyə çevrilməsini açıq şəkildə etiraf edib

Nikol Paşinyan müharibənin labüdlüyə çevrilməsini açıq şəkildə etiraf edib

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində Qarabağda baş verən vəziyyətin səbəbləri barədə 6 sual formalaşdırıb və onlara öz cavablarını verib.

AZƏRTAC xəbər verir ki, suallar və cavablar qısa şəkildə belə səslənir:

1) Bu müharibə nədən ötrüdür? – Qarabağın statusundan ötrü.

2) Bu müharibədən çəkinmək mümkün idimi? — Bəli, əgər torpaqları versəydik, Qarabağın qeyri-müəyyən vaxtadək qeyri-müəyyən statusuna razılıq versəydik və bununla yanaşı, gələcək statusun korrektəsi üçün mexanizmə malik olmasaydıq.

3) Biz Qarabağ üçün qəbul edilən statusa danışıqlar vasitəsilə nail ola bilərdikmi? – Yox, çünki bunu etmək üçün son fürsət 2011-ci ildə Kazanda itirilmişdi.

4) Biz müharibəni dayandıra bilərikmi? – Nəzəri cəhətdən hə, lakin ikinci bənddəkindən bir qədər daha pis formulla.

5) Müharibə Qarabağın statusunu həll edə bilərmi? – Bəli, əgər müharibədə bizim uğurlarımız olarsa.

6) Biz müharibədə uğur qazana bilərikmi? – Bəli, əgər bu məqsəd ətrafında bütün millətin potensialını bir yerə cəmləsək və ürəkdən, fədakarcasına bu hədəfə doğru getsək.

Bax belə, nağıl burada bitdi! İndi siz Azərbaycandan nə istəyirsiniz? Siz özünüz indicə, hamının eşidəcəyi bir səslə etiraf etdiniz ki, indiki müharibədə Ermənistan təqsirkardır (sual-cavab 2). Bakı neçə ildir sizi Madrid prinsiplərini qəbul etməyə çağırır, bu prinsiplərdə məhz sizin imtina etdiyiniz məsələlər (hətta eşitmək belə istəmədiyiniz) nəzərdə tutulub və yekunda məhz sizin gecikmiş etirafınız üzündən müharibə qaçılmaz oldu! İndi siz vətəndaşlarınızın ölümündə, anaların və həyat yoldaşlarının göz yaşlarında özünüzdən savayı başqa kimi təqsirləndirə bilərsiniz!? Hətta Serj Sarkisyan özünü elə aparırdı ki, guya onun ölkəsi Madrid prinsiplərini qəbul edir. Saxta da olsa və qəbul edilməsə də, müharibədən çəkinmək və ya müharibəni uzatmaq naminə edilsə belə.

Paşinyan - heç bir dövlət idarəçiliyi təcrübəsi və diplomatik düşüncəsi olmayan küçə xuliqanı isə kabinetə girən kimi dərhal sonra “Qarabağ Ermənistandır və nöqtə” kimi özü üçün öldürücü bəyanatlar verməyə başladı. Bəs onda “Qarabağ Ermənistandır”sa və Dağlıq Qarabağa bitişik yeddi sırf Azərbaycan bölgəsi Yaxın Şərq ölkələrindən gələn ermənilər üçün yaşayış məkanı ərazisi kimi qəbul edilirsə, onunla danışıqlar masasında nə barədə danışmalı? Bu müharibəni zərurətə çevirən Paşinyan deyilmi?

Ən maraqlısı erməni baş nazirinin 4-cü suala cavabıdır. Bu, hətta onun ölkəsinin hansısa bir möcüzə nəticəsində müharibənin dayandırılması halında (hərçənd ki, mən şəxsən hazırda Azərbaycan Ordusunun hücumunun necə dayandırılmasını təsəvvür edə bilmirəm), Madrid prinsiplərinə qayıdışının hətta nəzəri səviyyədə mümkün olmasının dərk edilməsidir. Axı mərhələli tənzimləmə planı nəyi nəzərdə tuturdu? Birinci mərhələdə —işğalçı qoşunların beş rayondan könüllü çıxarılması, oraya azərbaycanlı məcburi köçkünlərin qayıtması, ikinci mərhələdə - qalan iki ətraf rayonun könüllü azad edilməsi və Dağlıq Qarabağa hansısa müvəqqəti statusun verilməsi ... Və sair.

Mən “könüllü” sözünü təsadüfən qeyd etmədim. Bu baş verdisə? Yox! Erməni qoşunları həqiqətən də iki (Füzuli və Cəbrayıl) rayondan, demək olar ki, tamamilə çıxarılıb. Könüllü olaraqmı? Yox, qan bahasına! Həm də əlavə olaraq əslində Dağlıq Qarabağın Hadrut qəsəbəsi azad edilib və həmçinin savaş nəticəsində, qeyri-könüllü olaraq. Bundan sonra Madrid prinsiplərinə kim qayıdacaq? İndi hansı “Hadrut qəsəbəsinin gələcək statusunun müəyyən edilməsi barədə səsvermə”dən danışmaq olar?

Paşinyanın tərsliyi sayəsində zərurətə çevrilən müharibə “Madrid prinsiplərini” tamamilə məhv etdi. Onlar daha mövcud deyil! Onları unudun və bir daha yada salmayın!

Paşinyanın həmin altı sualla bugünkü cavabları sülh prosesinin pozulmasına görə onun öz günahının uca səslə söylənilən etirafını ehtiva edir. İndi hətta “bir qədər daha pis” formul ola bilməz. Dağlıq Qarabağ bölgəsinin bütün yaşayış məntəqələri üzərində daimi Azərbaycan bayrağının qaldırılmasına qədər tam azad edilməsi! Baş Ali Komandanın dediyi kimi, biz Şuşa üzərində bayrağı qaldırmadan başlanılan işi başa çatdırılmış hesab edə bilmərik.

Gələcəkdə hansısa “səsverməni” nəzərdə tutan Madrid prinsipləri isə Şuşa üzərində bayrağı əvvəlcədən müəyyən “şərtliliyə” çevirir. Qəhrəmanlarımızın qanı bahasına torpaq azad edildikdən sonra görəsən indi belə bir sxem aktuallığını saxlaya bilərmi?

Heç bir səsvermədən söhbət gedə bilməz! Prezidentin səsləndirdiyi yeganə və qəti gələcək statusdan başqa heç bir statusdan söhbət gedə bilməz: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

2020-10-19