Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət

Oktyabrın 20-si gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Döyüşlərdə 3 artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

2020-10-21