BERNAMA agentliyi: Azərbaycan Ordusu Qubadlı şəhərini və bir neçə kəndi işğaldan azad edib
Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərini erməni işğalından azad etdiyini bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla xəbər yayıb. Bildirilir ki, Azərbaycan Prezidentinin rəsmi “Twitter” hesabında bu barədə paylaşdığı statusu “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! ” sözləri ilə tamamlanıb.
Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ordumuzun bazar günü Ermənistanın hərbi texnikasını və döyüş sursatını məhv etməsi də əksini tapıb.
Məlumatda deyilir: “Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 25-də günortadan sonra cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. Bu zərbələr nəticəsində düşmənin 6 ədəd D-30 və 1 ədəd D-1 haubitsa silahı, 2 ədəd BMP (piyadaların döyüş maşını), 1 ədəd avtomobili və böyük miqdarda döyüş sursatı məhv edilib”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

