Osloda yaşayan azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçiriblər

Osloda yaşayan azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçiriblər

Norveçdəki Azərbaycan icmasının üzviləri, Dağlıq Qarabağda baş verən müharibə cinayətləri və dinc həmvətənlərimizə qarşı Ermənistan silahlılarının hücumlarına qarşı olaraq Oslonun mərkəzində yerləşən krallığın parlament binasının qarşısında icazəli etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü ilə keçirilən aksiyaya azərbaycanlılarla yanaşı, Türkiyənin Norveçdəki səfiri Fazıl Çorman, habelə türk, Pakistan, Somali və yəhudi diasporunun üzvləri qatılıblar.

Tədbirdə çıxış edən Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur son həftələr Qarabağda yaşanan hadisələr, münaqişənin yenidən aktiv fazaya keçməsinə səbəb olan Ermənistan tərəfinin həyata keçirdiyi işğalçılıq, terror və təxribat siyasəti barəsində məlumat verib.

Şervin Nəcəfpur diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılması və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün haqlarının tapdalanması, mövcud olan bütün sivil və hüquq normaları pozur. “Bu haqsızlıq nəticəsində yaranmış vəziyyətdə isə ilk növbədə, işğaldan əziyyət çəkən azərbaycanlıların hüquqları pozulur, Ermənistan hakimiyyəti isə BMT Təhlükəsizlik Şurasının və bir sıra digər təşkilatların qəbul etdiyi qətnamələrə belə məhəl qoymur”, - deyə diaspor təmsilçisi bildirib.

Münaqişə çərçivəsində mülki insanlara hücumların yolverilməz olduğunu bildirən Norveçdəki türk federasiyasının sədri Hatiçe Luk, məşhur türk əsilli yazıçı Sercan Leylek, gənc siyasətçi Arina Sheikh və norveçli hüquqşünas Vəfa Bakkalar və başqaları Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini raket və artilleriya qurğularından intensiv atəşə tutmasına qarşı etiraz ediblər. Çıxışlarda qeyd edilib ki, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktları Ermənistanın təcavüzkar siyasətinin davamıdır. Aksiyada Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kaset bombalar vasitəsilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib.

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmyerlilərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və ona dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.

Aksiya Azərbaycan dövlət himinin səsləndirilməsi ilə başa çatıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

2020-11-02