Fəxr edirəm ki, informasiya müharibəsində də Müzəffər Ali Baş Komandan olan Prezident İlham Əliyev dünya siyasətində liderlik edir

Fəxr edirəm ki, informasiya müharibəsində də Müzəffər Ali Baş Komandan olan Prezident İlham Əliyev dünya siyasətində liderlik edir

Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmkarları üçün əlçatmaz olan fitri istedadı, uzaqgörən müdrik siyasəti, dərin zəkası, zəngin intellektual səviyyəsi və yüksək mədəniyyəti ilə, dünyanın aparıcı telekanallarına, xüsusilə də, əvvəlcədən öyrədilib göndərilmiş, “erməni virusu”na yoluxdurulmuş qərəzli müxbirlərə böyük səbir və təmkinlə verdiyi çoxvektorlu möhtəşəm müsahibələri ilə dünya siyasətində liderlik edir. Siyasi möhtəkirlərə, ədalətsiz beynəlxalq birliklərə liderliyin kökündə ədalətin olduğunu özünün timsalında fakt olaraq göstərir və onları ədalətə səsləyir.

Bu fikirlər istefada olan polis generalı Həsən Şirinovun AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: “Zəngin siyasi bilik tələb edən dərin məntiqi və sərrast hazırcavablığı ilə dünyanın diqqətini özünə cəlb edən cənab İlham Əliyev işğalçı Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Azərbaycanın öz torpağında özünü müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan məlum 4 qətnaməsinin tələblərini yerinə yetirdiyini və bu haqq mübarizəsində terrorçuları zərərsizləşdirərək heç bir beynəlxalq hüququ və müharibə qaydalarını pozmadığını, ermənilərdən fərqli olaraq dinc əhaliyə təhlükə yaratmadan 1949-cu il Cenevrə Konvensiyasına riayət etdiyini nümayiş etdirərək təkzibedilməz faktlarla dünya ictimaiyyətinin gözü qarşısında mənfur qüvvələri ifşa etdi.

Sosializm sisteminin süqutuna səbəb olan kapitalizmin baş ideoloqu, yeni dünya nizamının əsasnaməsi sayılan “Texnotron era” adlı məşhur kitabın müəllifi, siyasətçi və dövlət xadimi Zbiqnev Bjezinskinin ulu öndər Heydər Əliyev haqqında dediklərini xatırlayıram: “Heydər Əliyevin ölümü ilə dünya siyasətində bir boşluq yarandı!”. Əgər Bjezinski sağ olsaydı və indi dünyada cərəyan edən ictimai-siyasi prosesləri görsəydi, yəqin ki, deyərdi: Cənab İlham Əliyevin simasında o boşluq artıq dolub...

Belə ki, Azərbaycan haqqında həqiqətləri yaxşı bilən, Dağlıq Qarabağ ətrafında cərəyan edən bütün hadisələri əvvəldən axıra qədər izləyən, haqqın kimin tərəfində olduğunu bilə-bilə erməni feyklərinin yayılmasına dəstək verən və açıqdan-açığa onları müdafiə edərək ədalətsiz qərarlar qəbul edən ermənipərəst dairələrin və bəzi beynəlxalq təşkilatların qərəzli hücumlarına sinə gərmək, onların Dağlıq Qarabağ həqiqətləri ətrafında yaratdıqları 30 illik informasiya blokadasını yarmaq, nəinki riyakar Paşinyanın dövləti və hərbi cinayət törədərək soyqırımı siyasəti yeridən faşist olduğunu sübuta yetirmək, hətta əsrlərdir ermənilərin özləri haqqında dünyada yaratdıqları mifi darmadağın etmək və heç vaxt olmadığı kimi beynəlxalq ictimaiyyətin gözündən salmaq, doğrudan da, iti zəka, fitri istedad, müdrik zəngin siyasi bilik və hünər tələb edir.

Sultan Əbdülhəmidi yıxmadan Osmanlı İmperiyasını devirə bilməyənlərin törəmələri - ulu öndər Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırandan sonra Dağlıq Qarabağ işğalına nail olan qüvvələr torpaqlarımızı işğaldan azad edə biləcək yeganə gücün cənab İlham Əliyev olduğunu çox gözəl bildiklərindən bütün imkan və səylərini ona qarşı yönəltmişdilər. Bütün məsuliyyətimlə deyərdim ki, ataya ağıl öyrədən, onu yaşca böyük qəbul edib, ağılca böyüklüyünü qəbul etməyən, bunu vaxtında dərk edə bilməyən oğul gələcəkdə xoşbəxt ola bilməz. Bunu başa düşəndə artıq gec olur. Milləti millət edən onun birliyi, həmrəyliyidir. Bu birlik o zaman yaranır ki, xalq öz liderini vaxtında görüb dəyərləndirə bilsin. Etiraf edək ki, bizi bəlalardan, oddan-alovlardan xilas edən böyük şəxsiyyətlərimizi bəzən lazımınca dəyərləndirə bilməmişik. Bir az geriyə baxıb başımıza gələnləri təhlil edəndə öz-özlüyümüzdə bunun təsdiqini tapmış oluruq. Belə ki, illər boyu yalan vədlər və mənasız bəyanatlarla vaxtı uzadanların məqsədi məhz cənab İlham Əliyevin prezidentlik müddətinin qurtarmasına hesablanmışdı. Lakin Azərbaycan xalqı müdriklik edib referendumla bu müddəti artıranda başa düşdülər ki, onların məkrli planları işləməyəcək. Odur ki, vaxt itirmədən çoxdan xərçəng kimi içimizə yaydıqları “beşinci kolon”u və onun simptomlarını işə saldılar, bütün qüvvələrini İlham Əliyev hakimiyyətini devirmək planlarına yönəltdilər. Çünki bilirdilər ki, cənab İlham Əliyev nəinki Qarabağı, hətta keçmişdə ermənilərə pay verilmiş torpaqlarımızı da geri almaq qüdrətindədir.

Bədxahlarımızın məkrli planı baş tutmadı, ölkədə aparılan məqsədyönlü kadr islahatları öz işini gördü. Prezidentlə xalqı arasında uçurum yaratmaq istəyən qüvvələr aradan götürüldü. Bütün Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi birləşdi. Azərbaycan tarixində misli-bərabəri görünməyən, Vətən müharibəsində qələbəmizə zəmanət verən və heç vaxt sarsılmayacaq bugünkü möhtəşəm ümumxalq birliyi yarandı!

İndi Vətənini sevən hər kəs, bütün Azərbaycan xalqı bir nəfər kimi cənab İlham Əliyevi dəstəkləyir. Bu, məni cəbhədəki qələbəmiz qədər sevindirir. Sevinirəm ki, xalqımız öz lideri ilə arasındakı gözəgörünməz “Çin səddini” yarıb keçdi, onu olduğu kimi görə bildi və sanki yenidən kəşf etdi. Fəxr edirəm ki, informasiya cəbhəsində də Müzəffər Ali Baş Komandan olan Prezident İlham Əliyev dünya siyasətində liderlik edir.

Prezidentimiz İlham Əliyev bu gün ən azı beş cəbhədə vuruşur: birinci - arxa cəbhədə “beşinci kolon”un tör-töküntülərinə qarşı, ikinci - ön cəbhədə xain düşmənə qarşı, üçüncü - informasiya cəbhəsində dezinformasiyalara qarşı, dördüncü - dünya siyasət meydanında haqsızlığa qarşı, beşinci – özünü üzdə dost kimi göstərən düşmən qüvvələrə qarşı...

Müzəffər ordumuz müharibədə qələbələr qazandıqca həmin qüvvələrin əsl sifətləri bir daha göründü. Öz ərazisində terrorçulara qarşı mübarizə aparan Azərbaycanı hərbi təxribata çəkməyə başladılar. Azərbaycanın müharibə zonasından kənarda yerləşən şəhər və kəndlərimizin, dinc əhalinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulmasına rəvac verildi. Hadisələrin gedişini daim nəzarətdə saxlayaraq təxribatlara getməyən, nəyi necə və nə vaxt etmək lazım olduğunu çox gözəl bilən müdrik siyasətçi, Müzəffər Ali Baş Komandan İlham Əliyev KTMT-yə üzv dövlətlərin müharibəyə cəlb edilməsinə imkan vermədi, pusquda dayanıb bu məqamı həsrətlə gözləyən qüvvələrin gizli planlarının qarşısını aldı. Heç bir beynəlxalq hüquq və müharibə qaydalarının pozulmasına yol vermədi. Ermənistanın məğlubiyyətini öz məğlubiyyəti hesab edən ölkələr ermənilərə sevgidən yox, özlərinin nüfuzdan düşməməsi üçün təcavüzkara bütün vasitələrlə kömək etmək üçün səylərini artırdılar. Lakin bütün bunlara baxmayaraq, gözləmədikləri ciddi müqavimətlə rastlaşdılar. Çünki Azərbaycanın güclü ordusu və bu ordunu qurub-yaradan cənab İlham Əliyev kimi sərkərdəsi var. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun Prezidenti ulu öndər Heydər Əliyev siyasi kursunu davam etdirən, Vətənini və xalqını canından artıq sevən cənab İlham Əliyevdir. Zahirən lokal görünən, lakin daxilən üçüncü dünya müharibəsi qədər ağır olan bu döyüşdə qalibiyyətimizin səbəbkarı kimi düşmən qüvvələrin hədəfində Qarabağdan əvvəl, məhz Prezidentimiz və Ali Baş Komandanımızdır. Onu göz bəbəyi kimi qorumağa borcluyuq!

O bir Allah vergisidir!

Onu düşməndən qoruyaq!

Özü bütöv bir millətdir-

Milləti şərdən qoruyaq!

Yaşasın müdrik Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə!

Qoy, ədalət zəfər çalsın! Qarabağ Azərbaycandır!

2020-11-02