Prezidentin köməkçisi: Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq

Prezidentin köməkçisi: Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq

Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir. Sentyabrın 29-dan indiyədək Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks təsir verir və onlar özlərinin işğalçılıq siyasətini ifşa edirlər.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinə bu müsahibələrdə təxribatçı sualların verildiyini də görürük, ancaq dövlətimizin başçısı həmin suallara səbir və təmkinlə cavab verir.

Prezidentin köməkçisi deyib: “Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda erməni lobbisi tərəfindən təzyiq və təhdidlərlə üzləşirlər. Fransanın TF1 kanalı, ABŞ-ın “Nyu-York Times” qəzeti də belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq”.

2020-11-03