Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb

Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-ın digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O bildirib ki, bu yerlər təsadüfi seçilməyib. Məqsəd odur ki, daha çox insan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini deyib.

Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşiblər.

Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda çalışan dizayner Emin Rzayevə məxsusdur.

2020-11-05