Həmvətənlərimiz Şuşanın azad olunmasını Moldovada təntənəli şəkildə qeyd ediblər

Həmvətənlərimiz Şuşanın azad olunmasını Moldovada təntənəli şəkildə qeyd ediblər

Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Moldova sakinləri səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd edib.

Tədbirdə çıxış edən səfir Qüdsü Osmanov qədim şəhər olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla, müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıları erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırıb. Səfir Ali Baş Komandanın polad yumruğunun Azərbaycan əsgərinin və xalqımızın gücünü əks etdirdiyini vurğulayıb.

Tanınmış iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşdiyini dilə gətirib. O, Şuşanın mədəniyyət ocağı olduğunu bildirərək, hər bir azərbaycanlı gənci Şuşa şəhərinə gedərək xalqımızın tarixi keçmişini öyrənməyə səsləyib.

Daha sonra tədbirdə iştirak edən türk iş adamı döyüşlərdə qazanılan uğurlardan fərəh hissi duyduğunu və qardaş ölkələrimizin hər zaman bir-birinə xoş və çətin günlərdə dəstək verməsinin qürurverici olduğunu bildirib.

Şuşanın işğaldan azad edilməsinə həsr olunmuş tədbirdə Moldovada yaşayan Azərbaycan diasporunun fəal üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik ediblər.

Tədbirdə milli mətbəximizə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs edib və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşıb.

2020-11-09