Ankarada Heydər Əliyev Parkında Bayraq Günü və Şuşa zəfəri münasibətilə aksiya keçirilib

Ankarada Heydər Əliyev Parkında Bayraq Günü və Şuşa zəfəri münasibətilə aksiya keçirilib

Dövlət Bayrağı Günü və Şuşa şəhərinin düşməndən azad olunması münasibətlə Ankaradakı Heydər Əliyev Parkında izdihamlı aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkil etdiyi aksiyanın iştirakçıları dövlət bayraqlarımızı dalğalandıraraq Heydər Əliyev Parkına yürüş ediblər. Ulu Öndərimizin heykəli önünə əklil qoyulub, əziz xatirəsinə ehtiram göstərilib.

Aksiyada Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi, digər dövlət qurumlarının qardaş ölkədəki nümayəndələri, paytaxt ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə səmimi minnətdarlığını ifadə edən səfir Xəzər İbrahim Şuşa şəhərinin işğaldan azad olunmasının müasir Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq deyib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Müzəffər Ordumuz bütün xalqımız kimi hər birimizin ailəsinə, şəxsi həyatına da sevinc bəxş edir. Qəhrəman zabit və əsgərlərimiz bir daha dünyaya göstərir və bəyan edirlər ki, Qarabağ Azərbaycandır!”

2020-11-09