İtaliyanın Roma və Piza şəhərlərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib

İtaliyanın Roma və Piza şəhərlərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib

İtaliya–Azərbaycan Birliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə İtaliyanın Roma və Piza şəhərlərində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərin müşayiəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsilə Qarabağ həqiqətlərini İtaliya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.

2020-11-09