BMT-nin sessiyasında Azərbaycanın multikulturalizm modelindən danışılıb

BMT-nin sessiyasında Azərbaycanın multikulturalizm modelindən danışılıb

Noyabrın 19-20-də BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyası keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Nifrət çıxışı, sosial media və azlıqlar” mövzusuna həsr edilən tədbirdə BMT İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tiçi-Fisslberger, İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelet, Soyqırımının qarşısının alınması üzrə xüsusi müşaviri Pramila Patten, Azlıqların məsələləri üzrə xüsusi məruzəçisi Fernand de Varennes və Forumun sədri Natali Alkiviadu və digər rəsmi şəxslər, alim və ekspertlər çıxış ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov sessiyanın “Sosial mediada azlıqları hədəfə alan nifrət çıxışının səbəbləri, miqyası və təsiri” mövzusundakı bölməsində “Hekayə quruculuğunun sosial mediada nifrət çıxışlarının səbəbi kimi” adlı məruzə ilə çıxış edib.

R.Rəhimov sosial mediada nifrət çıxışlarının sonda azlıqlara qarşı nifrət zəminində cinayətlərə yol açması ilə bağlı məsələlərdən söhbət açıb. Bildirilib ki, Azərbaycanda multikulturalizm ənənələrinin ölkəmizdə əsrlərdən bəri formalaşan həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi yüksək səviyyədə qorunması səbəbindən yuxarıda qeyd edilən mənfi halların qarşısı alınıb. Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində əldə etdiyi müsbət nəticələr digər ölkələr üçün də örnəkdir.

2020-11-20