İsveçrəli parlamentarilər tərəfindən Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək ifadə edilib

İsveçrəli parlamentarilər tərəfindən Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək ifadə edilib

Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi məqsədilə apardığı hərbi əməliyyatlar çərçivəsində ölkəmizin haqlı mövqeyinin İsveçrənin bütün siyasi təbəqələrinə çatdırılması Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyətində mühüm yer tutub. Ötən müddət ərzində İsveçrənin müxtəlif siyasi partiyaları və Federal Şuranın üzvləri ilə sıx əməkdaşlıq edilib, nəticə etibarilə Şuranın bir çox üzvü bu istiqamətdə rəsmi dəstəklərini diqqətə çatdırıblar.

Ölkəmizin İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, isveçrəli parlamentarilər bu münaqişədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin rəhbər tutulduğunu, son 30 ildə isə İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu səbəbdən 10 noyabr tarixli razılaşmanın önəmini bir daha vurğulayıblar.

Federal Şuranın üzvləri Klaudia Fiedl, Fabian Molina və Yosef Dittli xüsusi olaraq dinc əhaliyə qarşı müharibə cinayətlərinin törədilməsini, nəticədə çox sayda mülki şəxsin həlak olmasını ciddi narahatlıqla qarşıladıqlarını bildirib, Cenevrə Konvensiyasına istinadla mülki insanların və şəhərlərin raket hücumuna tutulmasını beynəlxalq cinayət, mülki infrastrukturun dağıdılmasının isə qəbuledilməz olduğunu qeyd ediblər. Onlar yaranmış humanitar vəziyyətlə əlaqədar İsveçrənin kömək məqsədilə oktyabrın 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1 milyon frank dəyərində maliyyə yardımı etdiyini diqqətə çatdırıblar.

2020-12-01