Prezident İlham ƏIiyev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb

Prezident İlham ƏIiyev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb

Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

"Mən bütün bu işlərdə sahibkarların rolunu qeyd etmək istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik", - deyə dövlətimizin başçısı qeyd edib.

Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək, əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Çünki dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumata görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək. Baxın, dövlət və özəl sektor ancaq bir il ərzində 50 minə yaxın ictimai iş yeri yaradacaq. Əlbəttə, biz gözləyirik ki, yeni müəssisələr, yeni sənaye sahələri yaradılsın və burada iş yerləri kifayət qədər çox olsun".

2019-05-01