Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

Türkiyə Prezidenti iranlı elm adamı Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsindən üzüntü duyduğunu ifadə edərək, İran xalqına və mərhumun ailəsinə başsağlığı verib. Bu sui-qəsdin bölgədə sülh və sabitliyi hədəf aldığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı bölgədə sabitliyi pozmağa çalışan qaranlıq dairələrin ümidlərinin boşa çıxacağına inamını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin artıq yeni bir mərhələyə qədəm qoyduğunu və bu dövrdə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə kölgə sala biləcək hər yönlü məqamlardan qaçmağın önəmli olduğunu, davamlı sülhün və sabitliyin təsis olunmasının yeni fürsətlər imkanı açacağını, yeni mühitin Ermənistan da daxil olmaqla bütün bölgə ölkələri üçün faydalı olacağını ifadə edib.

2020-12-03