Forum çərçivəsində “Sülh naminə çoxtərəflilik və diplomatiya” mövzusunda sessiya təşkil edilib

Forum çərçivəsində “Sülh naminə çoxtərəflilik və diplomatiya” mövzusunda sessiya təşkil edilib

Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh naminə çoxtərəflilik və diplomatiya” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyanın açılışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Qoşulmama Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə 2018-ci il dekabrın 12-də BMT Baş Assambleyasının “24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnamənin qəbul edildiyini bildirən nazir bəşəriyyətin davamlı sülh məqsədinə nail olunmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayıb. O, bu qətnamənin həmmüəllifləri sırasında Azərbaycanın da yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir bu təşəbbüsün dünyada çoxtərəflilik səylərinin həll edilməmiş münaqişələr, iqlim dəyişikliyi, artmaqda olan qeyri-bərabərlik, dözümsüzlük və digər təhdidlərin təsiri altında olduğu bir vaxtda irəli sürüldüyünü vurğulayaraq, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanılmasının BMT-nin mühüm pillələri olan sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi baxımından vacib rol oynadığını qeyd edib. Nazir çoxtərəfliliyin suveren dövlətlərin təklikdə həll edə bilmədikləri təhlükəsizlik və inkişafa təhdidləri cavablandırmaq imkanını verdiyini və dialoqun davamlı sülhə nail olmaq üçün ən vacib alət olduğunu vurğulayıb.

Elmar Məmmədyarov sülhün müxtəlif təhdidlərlə, xüsusilə həll edilməmiş münaqişələrlə üzləşdiyi dünyada sülh diplomatiyasının əhəmiyyətindən bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən nazir Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə toxunaraq bunun bölgəmizdə davamlı sülhə və inkişafa təhlükə törətdiyini vurğulayıb. Elmar Məmmədyarov regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulmasının, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini diqqətinə çatdırıb.

Həmçinin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə diqqəti cəlb edən nazir sözügedən sənədlərdə qeyd olunmuş prinsiplərin, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipinin vacibliyini bildirib.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Forumun əhəmiyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi bizim gələcək fəaliyyətimizin təkmilləşdirilməsi baxımından önəmlidir. O deyib ki, sosial və iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi, zorakılıq - bütün bunlar dünyanın sosial həyatına təhdidlər yaradır. Lakin biz hər zaman dünya ilə bağlı xoş təşəbbüslərlə çıxış edirik. Mövcud problemləri hər hansı dövlət təkbaşına həll edə bilməz. Ona görə də birgə əməkdaşlıq, dialoqdan yaxşı ikinci bir yol yoxdur. “Bakı Prosesi” bu məsələdə istiqamətverici rol oynayır. Davamlı İnkişaf Məqsədlərinin əsas qayəsində də tərəfdaşlıq dayanır.

BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena çıxışında Bakıda təşkil olunan Forumda dünyanı narahat edən problemlərin həlli ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb. “Biz Sülh Universiteti olaraq sülhün təbliğini, humanitar problemlərə qarşı tədbirlərin təşviqini aparırıq. Qlobal kontekstdə strateji məsələlərin həlli əsas məsələ olmalıdır. Ancaq əməkdaşlıq olmadan sülhə, insan hüquqlarının təmininə nail olmaq mümkün deyil. Müharibələr, böhranlar yalnız və yalnız yoxsulluğa gətirib çıxarır. Çoxtərəflilik hər zaman beynəlxalq münasibətlərdə əsas rola malik olub. BMT sülhü, insan hüquqlarını qorumaq üçün təsis edilib. BMT qlobal sülhü mümkün etdi, sabitlik müəyyən mənada təmin olundu. Bizi narahat edən əsas məsələlərdən biri də qütbləşmələrin yaranmasıdır. Çoxtərəflilik prinsipi müxtəlif təhdidlərə qarşı ola biləcək ən güclü amil kimi çıxış edə bilər. Dövlətlərin müstəqilliyinə, beynəlxalq hüquqa hörmət və digər normalar bizim qorumalı olduğumuz şərtlərdir. Münaqişələrin həlli ilə bağlı danışıqlar anlaşma ruhunda aparılmalıdır.

Açılış çıxışlarından sonra sessiya işini müzakirələrlə davam etdirib.

2019-05-03