Azərbaycan səfiri Ermənistan XİN rəhbərinin beynəlxalq konfrans iştirakçılarını aldatmasına imkan verməyib

Azərbaycan səfiri Ermənistan XİN rəhbərinin beynəlxalq konfrans iştirakçılarını aldatmasına imkan verməyib

Vyetnamın paytaxtı Hanoyda Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə “Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, həm fiziki, həm də videokonfrans formatında təşkil olunmuş açılış mərasimində müxtəlif ölkələrin xarici siyasət idarələrinin rəhbər şəxsləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan videokonfrans formatında çıxış edərək sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırıb, doğru olmayan məlumatları təqdim edib, Azərbaycana və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb.

Ermənistan xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz alaraq, beynəlxalq konfransdan sui-istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulayıb. Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulayıb. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə diqqətə çatdırıb.

A.İmanov sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmasına cavab olaraq 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının təmin edildiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusən də qadın və uşaqlar arasında çox sayda ölən və yaralananların olduğunu deyib, həmçinin Xocalı soyqırımı barədə məlumat verib.

Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağıran səfir deyib ki, güzgüyə baxarkən hərbi cinayətkar görəcəksiz.

2020-12-08