Dekabrın 14-dən yanvarın 18-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək

Dekabrın 14-dən yanvarın 18-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək

2020-ci il dekabrın 14-də saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin müddətdə ölkənin bütün ərazisində müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

2020-12-08