Bakıda “Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı” mövzusunda illik konfrans və sərgi keçirilib

Bakıda “Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı” mövzusunda illik konfrans və sərgi keçirilib

Mayın 4-də Bakıda "Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı" mövzusunda illik konfrans və sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) Platformasının üzvü olan 200 şirkətin insan resursu komandası iştirak edib.

ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin iqtisadi islahatların əsas təkanverici qüvvəsinin də elə peşəkar kadrlar, insan resursları olduğunu diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsi hədəfi istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərin idarəetmə komandasında azərbaycanlılar daha üstünlük təşkil edir.

Qeyd olunub ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizin iqtisadi inkişafı naminə insan resurslarının inkişafı və peşəkar sahibkarlar sinfinin formalaşmasında köməyini əsirgəmir və bu missiya gələcəkdə də davam etdiriləcək.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov özünütəhsilin vacibliyini, sahibkarların peşəkar kadrlara ehtiyacı olduğunu deyib. O, universitetlərin müasir peşələrə dair ixtisaslar üzrə təhsilə önəm verməsinin vacibliyini vurğulayıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktor müavini Fərid Əhmədov isə insan resurslarının hər bir şirkətdə mühüm yeri olduğunu və onun əlavə dəyər qazanmaqda roluna toxunub. Vurğulayıb ki, 2030-cu ilədək ölkədə "Məşğulluq strategiyası"na uyğun olaraq həm məhsullar, həm də işçilərin rəqabətqabiliyyəti yüksəldilməlidir və əmək bazarının öyrənilməsinə ciddi ehtiyac var.

Tədbirin panel sessiyalarında bu sahədəki mövcud vəziyyət müzakirə olunub.

2019-05-04