Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı səfirliyində də anılıb

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı səfirliyində də anılıb

Azərbaycanın Pakistandakı səfirliyində keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanının Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin dövlətçiliyinin qorunub saxlanmasında və müstəqilliyimizin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib.

Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsizinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını bildirib.

Diplomat bu müdrik siyasəti uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və ölkəmizin Vətən müharibəsində Qələbə qazandığını vurğulayıb.

O, builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

2020-12-12