FHN: Zığda yerləşən modul tipli xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış baş verməyib

FHN: Zığda yerləşən modul tipli xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış baş verməyib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 17-də bəzi media orqanlarında FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında guya yanğınla nəticələnmiş partlayışın baş verməsinə dair yayılan məlumatlara münasibət bildirib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-a açıqlamasında qeyd edib ki, nazirliyin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli hospitalında hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını belə nəzərə almadan yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha bildiririk ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa, məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.

2020-12-17