Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda səfərdə olan prezidenti Rövnəq Abdullayev dekabrın 17-də bu ölkənin Baş Nazirinin səlahiyyətlərini icra edən Giorgi Qaxariya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat verib.

Görüşdə Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Gürcüstanın Neft və Qaz Korporasiyası təbii qaz sahəsində SOCAR şirkəti ilə uğurlu əməkdaşlıq edir. Bunun da daha bir nəticəsi Gürcüstanda sosial təyinatlı təbii qaza olan qiymətin sabitləşdirilməsi barədə razılığın əldə olunmasıdır.

Gürcüstan hökumətinin tapşırığı ilə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası ilə SOCAR arasında aparılan danışıqlar zamanı Gürcüstanın 200 milyon kubmetr həcmində sosial təyinatlı qazı güzəştli tariflə əldə etməsinə dair razılığa gəlinib.

Vurğulanıb ki, 2016-cı ildən qüvvədə olan müvafiq müqaviləni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini icra edən Natia Turnava, Neft və Qaz Korporasiyasının baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti R.Abdullayev imzalayıblar.

“Razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qazın qiymətini daha uzun müddət ərzində sabit saxlaya biləcək”, – deyə məlumatda vurğulanır.

2020-12-18