Reza Deqati: Gəncədə və Bərdədə çəkdiyim fotolar münaqişə zonasından çox uzaqda dinc əhalinin hədəfə alındığına şahidlik edir

Reza Deqati: Gəncədə və Bərdədə çəkdiyim fotolar münaqişə zonasından çox uzaqda dinc əhalinin hədəfə alındığına şahidlik edir

Təxminən on gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində, eləcə də müharibə getməyən şəhərlərində oldum. Ballistik və kasetli raketlərlə dinc əhalinin hədəfə alındığının şahidi oldum. Xüsusilə də Gəncədə və Bərdədə çəkdiyim fotolar münaqişə zonasından çox uzaqda dinc əhalinin hədəfə alındığına şahidlik edir.

AZƏRTAC xəbər verir ki, bu sözlər məşhur fotojurnalist Reza Deqatinin “Le Monde Moderne” portalına göndərdiyi açıq məktubunda yer alıb.

Reza Deqati Azərbaycanın İranla sərhədboyu ərazilərinə gələn ilk jurnalist olduğunu yazır. O, tarixi Xudafərin körpülərinin olduğu bu ərazilərə hələ 1992-ci ildə Birinci Qarabağ müharibəsi dövründə gəldiyini bildirir. Həmin il erməni silahlı qüvvələrinin bir gecədə Xocalıda qadın, uşaq və qocalardan ibarət 613 mülki əhalini qəddarlıqla qətlə yetirərək soyqırımı törətdiyinin şahidi olduğunu vurğulayır. Qeyd edir ki, sonra Azərbaycanda doğma yurdlarından didərgin salınmış bir milyon qaçqın və məcburi köçkün faciəsi yaşandı. Bu insanlar uzun illər yaşadıqları evlərindən əliboş qovuldular. Həmin vaxt Azərbaycanın ordusu, silahları yox idi. İndi isə Azərbaycanın güclü ordusu, müasir silahları var.

Reza Deqati Azərbaycanda müsəlmanların, xristianların və yəhudilərin bərabər və mehriban şəraitdə yaşadıqlarını da vurğulayır.

Qeyd edək ki, portalda Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir. Münaqişədən əvvəl Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının birgə yaşadıqları qeyd edilərək, sonradan erməni silahlı qüvvələrinin bu ərazini işğal etdiyi bildirilir.

2020-12-19