İran-Azərbaycan əlaqələri səmimi dostluğa əsaslanır

İran-Azərbaycan əlaqələri səmimi dostluğa əsaslanır

Müharibənin başa çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi sevindirici haldır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib. O bildirib ki, Qarabağın işğaldan azad edilməsi regionun inkişafı üçün yeni imkanlar yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İran-Azərbaycan sərhədinin dostluq və qardaşlıq sərhədi olması haqqında fikrini təqdir edən Mahmud Vaezi diqqətə çatdırıb ki, rəsmi Tehran da sərhədin dostluq və qardaşlıq sərhədi olmasından məmnundur. Yeni siyasi reallıq ikitərəfli əlaqələlərin inkişafı ilə yanaşı, İran-Azərbaycan-Rusiya, həmçinin İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıqları üçün də faydalı olacaq, regiondakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

Mahmud Vaezi qeyd edib ki, hazırda İran-Azərbaycan əlaqələri inkişaf mərhələsindədir. Hər iki dövlət beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsinə çalışır. Onun sözlərinə görə, yanvarın 16-da Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın iclası keçiriləcək. Bu iclasda dəmir yolu xəttinin tikintisinin, su bəndi və elektrik stansiyasının inşasının tamamlanması məsələləri müzakirə ediləcək.

Administrasiya rəhbəri, həmçinin vurğulayıb ki, İran-Azərbaycan əlaqələri xalqların mənafeyinə uyğun olaraq səmimi dostluğa əsaslanır.

2020-12-23