Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.

Aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla, bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd edilib.

Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, bu ilin 10 ayı ərzində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımalarda 18 faiz artımın qeydə alındığı vurğulanıb. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub. Energetika sahəsində əməkdaşlıq əlaqələri ilə bağlı müzakirələr aparılıb, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

2020-12-26