Prezident: Nizaminin 880 illik yubileyi həm Azərbaycanda, həm də dünyada geniş qeyd olunmalıdır

Prezident: Nizaminin 880 illik yubileyi həm Azərbaycanda, həm də dünyada geniş qeyd olunmalıdır

Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, - əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, - dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik”.

Prezident İlham Əliyev xatırladıb ki, 2019-cu il digər dahi Azərbaycan şairi Nəsimi ili olub. “Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

2021-01-05