Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində iştirak etmiş bir qrup əməkdaşı təltif olunub

Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində iştirak etmiş bir qrup əməkdaşı təltif olunub

Azərbaycanın əzəli və tarixi torpaqlarını otuz ilə yaxındır işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək qısa müddətdə düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan böyük Zəfər qazandı. Rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürərək işğal altındakı torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin (MSN) də 72 əməkdaşı iştirak edərək bu şanlı tarixin bir parçasına çevrilməyi bacarıb.

AZƏRTAC MSN-in saytına istinadla xəbər verir ki, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlib, yeddi əməkdaş isə yaralanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra əsgər Heybətov Ağaəmi Elçin oğlu “Vətən uğrunda”, baş leytenant Zeynalov Nurlan Rəfayıl oğlu “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, əsgər Hüseynov Nicat Ziyafət oğlu “Vətən uğrunda” medalları ilə təltif olunublar.

Vətən müharibəsində göstərdikləri şücaətə görə, həmçinin əsgər Balayev Xəyyam Ənvər oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, baş leytenant Əliyev Ruslan Adilxan oğlu “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, leytenant Əlizadə Təhməz Zabit oğlu “Füzulinin azad olunmasına görə”, əsgər Cəlalzadə Sahil Kamran oğlu “Kəlbəcərin azad olunmasına görə”, əsgər Əliyev Hikmət Zahid oğlu “Qubadlının azad olunmasına görə”, mayor Nuriyev Ramil Yusifəli oğlu isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

MSN Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edir. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

2021-01-14