Sifariş olunmuş dörd milyon doza “Sinovac” vaksini öncə Türkiyə laboratoriyalarında yoxlanılacaq

Sifariş olunmuş dörd milyon doza “Sinovac” vaksini öncə Türkiyə laboratoriyalarında yoxlanılacaq

COVID-19 əleyhinə vaksinlərin alınması imkanları iki istiqamətdədir. Birinci istiqamət çoxtərəfli danışıqlar və COVAX təsisatında iştirakdır. İkinci istiqamət isə birbaşa vaksin istehsalçıları ilə ikitərəfli danışıqlar əsasında peyvəndlərin alınmasıdır.

2021-ci ildə ölkəmizə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan vaksinlərdən 2 milyon doza gətiriləcək. İkitərəfli danışıqlarda isə əldə edilmiş nəticə “Sinovac” şirkətinin vaksininin Azərbaycana gətirilməsidir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev söyləyib.

Onun sözlərinə görə “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır: "Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək. Sifariş olunmuş dörd milyon doza “Sinovac” şirkətinin vaksini öncə Türkiyəyə gətiriləcək. Orada laboratoriyalarda standartlara uyğunluğu yoxlanıldıqdan və qablaşdırıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana göndəriləcək. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. Vaksin vurulan könüllülərin 2,5 faizində çox yüngül baş ağrısı, 2,5 faizində isə yorğunluq kimi yan təsirlər qeydə alınıb. Bu vaksin qoruyucu və təhlükəsizdir. Türkiyə “Sinovac” şirkətindən 50 milyon doza vaksin sifariş edib”.

2021-01-16