Rusiya Prezidenti Qarabağa dair üçtərəfli Bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib

Rusiya Prezidenti Qarabağa dair üçtərəfli Bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib

Rusiya Dağlıq Qarabağ regionunda silahlı münaqişəni dayandırmaq üçün fəal vasitəçilik səyləri göstərib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri “Davos həftəsi” forumunda videorabitə vasitəsilə çıxışında söyləyib.

V.Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilmiş Azərbaycan və Ermənistan xalqları Rusiyaya yaxın xalqlardır. RF Prezidenti vurğulayıb: “Bu halda biz ATƏT-in Minsk qrupunun, xüsusən onun həmsədrləri Rusiya, ABŞ və Fransanın əldə etdiyi əsas razılaşmalara riayət etməyə çalışmışıq. Bu da əməkdaşlığın çox yaxşı nümunəsidir. Məlum olduğu kimi, noyabr ayında Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Həmin Bəyanatın, ümumiyyətlə, ardıcıl surətdə həyata keçirilməsi vacibdir. Ən başlıcası, qan tökülməsini dayandırmağa, tam atəşkəsə nail olmuşuq və sabitləşmə prosesinə başlamışıq”.

Onun fikrincə, indi beynəlxalq birliyin və münaqişənin həllində iştirak edən ölkələrin qarşısında münaqişədən zərər çəkmiş rayonlara qaçqınların qaytarılması, dağıdılmış infrastrukturun bərpası, həmçinin tarixi, dini və mədəni abidələrin bərpası ilə bağlı humanitar problemlərin həllinə kömək göstərmək vəzifəsi dayanır.

Rusiya Prezidenti ölkələr arasında münaqişələrin nizamlanmasına Astana formatı kimi çoxtərəfli yanaşmanın vacibliyini qeyd edib. V.Putin Astana formatını nümunə göstərərək bildirib ki, həmin format çərçivəsində Rusiya, İran və Türkiyə “Suriyada vəziyyətin sabitləşməsi üçün çox iş görüblər”.

2021-01-27