IDEA İctimai Birliyi Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış ərazilərin yenidən canlandırılması istiqamətində işlər görəcək

IDEA İctimai Birliyi Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış ərazilərin yenidən canlandırılması istiqamətində işlər görəcək

Otuz ilə yaxın davam edən erməni işğalının fəsadlarını əyani görmək hamımızı sarsıtdı. Meşələrin amansız məhvi, suların çirkləndirilməsi, təbii sərvətlərin istismarı və digər cinayətlər onu göstərir ki, ölkəmizə və ümumiyyətlə planetimizə qarşı ekoloji terror törədilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təşkilata Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış ərazilərin yenidən canlandırılması istiqamətində tədbirlər görməyə tapşırıq verib. İlk mərhələdə təşkilat işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində tədbirlər görəcək. Növbəti və ən çətin addım isə həmin ərazilərin bərpasıdır. Həmin prosesə beynəlxalq təşkilatların, tərəfdaşlarımızın, o cümlədən gənclərimizin cəlb olunması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

İcraçı direktor bildirib ki, IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondunun təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı" layihəsinə start verilir. Bu xüsusda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bioloji müxtəliflik, geologiya, su ehtiyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə sahələrində aparılacaq işlərdə gənclərin yaxından iştirakı nəzərdə tutulur. Layihənin məqsədi həmin ərazilərə dəymiş ekoloji zərərin dəqiq qiymətləndirilməsi, peşəkar mütəxəssislərlə işləməklə gənc ekoloqların təcrübəsinin artırılması, ekoloji terrora məruz qalmış ərazilərin statistik rəqəmlərinin dünyaya çatdırılması və əldə olunmuş nəticələr əsasında bərpa prosesinə töhfə verilməsidir: "Ümid edirik ki, ölkəmizə vurulmuş ekoloji ziyan qiymətləndirildikdən sonra təsirə məruz qalmış bütün ərazilərin bərpası həyata keçiriləcək. Azərbaycan gəncləri də bu məsələyə mühüm töhfəsini verəcəklər. Hesab edirəm ki, dünənki səfərimiz bu prosesin başlanğıc nöqtəsidir”, - deyə S. Şükürov əlavə edib.

2021-01-29