İspaniyanın Burqos regionunun rəsmiləri işğaldan azad olunmuş ərazilərimizdə görüləcək quruculuq işləri barədə məlumatlandırılıb

İspaniyanın Burqos regionunun rəsmiləri işğaldan azad olunmuş ərazilərimizdə görüləcək quruculuq işləri barədə məlumatlandırılıb

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin Kastilya və Leon muxtar vilayətinin Burqos şəhərinə səfəri çərçivəsində Burqos şəhərinin icra hakimiyyətinin rəhbəri Daniel de la Rosa, Burgos regional parlamentinin sədri Sesar Riko Ruis və Burqos Şirkətləri Assosiasiyaları Konfederasiyasının prezidenti Migel Anxel Benavente ilə görüşlər keçirib, vilayətin “Tu Voz en Pinares” televiziya kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə əsaslı islahatların həyata keçirilməsi, azad rəqabət mühitinin yaradılması, insan kapitalının təşviqi, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində respublikamızda davamlı iqtisadi inkişafın təmin edildiyi, sosial rifahın daha da artırıldığı, bütün sahələrdə hərtərəfli tərəqqiyə nail olunduğu barədə Burqos rəsmilərinə ətraflı məlumat verilib.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq, 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad edib.

Qeyd olunub ki, işğaldan azad olunmuş Şuşa şəhəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib, Şuşanın tarixi simasını bərpa etdirməklə bu qədim şəhərimizin nəinki Azərbaycanın, dünyanın mədəni paytaxtlarından birinə çevriləcəyi bəyan edilib.

Qarşı tərəfə azad olunmuş ərazilərimizin iqtisadi, mədəni, turizm potensialı barədə ətraflı məlumat verilərək, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda sülh və sabitliyin bərqərar olunması, Ermənistan tərəfindən vandalizmə məruz qalmış Azərbaycan torpaqlarının yeni quruculuq və inkişaf dövrünə qədəm qoyduğu diqqətə çatdırılıb.

Ölkəmizin regionlarının sənaye potensialı barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtda yaradılmış, ən qabaqcıl texnologiyaların istifadə olduğu Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkının uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu mənada, Burqos şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanlarının mövcud olduğu diqqətə çatdırılıb.

Keçirilmiş görüşlər zamanı Burqos tərəfi tarixi Böyük İpək Yolunun üzərində, beynəlxalq enerji və nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyinə, TAP qaz boru kəmərinin fəaliyyətə başlaması ilə ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynadığına diqqəti çəkərək, Azərbaycanın yüksələn xətt üzrə artan iqtisadi potensialının, o cümlədən ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsi baxımından geniş imkanların olduğunu diqqətə çatdırıb. Bu mənada, Burqos şəhərinin icra hakimiyyətinin rəhbəri Daniel de la Rosa təmsil etdiyi regionun “Şimali İspaniyada sənayenin ürəyi” hesab olunduğunu qeyd edərək, Azərbaycanın regionları ilə, o cümlədən ölkəmizin ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtla bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu ifadə edib.

Görüşdə ölkələr arasında sənaye sahəsində digər əməkdaşlıq perspektivləri kontekstində fikir mübadiləsi aparılıb.

2021-02-04