Azərbaycan ilə Yaponiya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Yaponiya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin “Japan Foundation” təşkilatının prezidenti Kazuyoşi Umemoto ilə görüşündə iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən səfir G.İsmayılzadə Azərbaycanda hazırkı vəziyyət, ölkədə COVID-19 pandemiyasının qarşısının alınması tədbirləri haqqında ətraflı məlumat verib.

İkitərəfli münasibətlərin inkişaf səviyyəsindən Azərbaycan tərəfinin məmnunluğunu ifadə edən səfir iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yüksək potensialın mövcudluğunu diqqətə çatdırıb.

Verilən məlumatlara görə təşəkkürünü bildirən K.Umamoto Yaponiyanın Azərbaycan ilə əməkdaşlığa, xüsusən də təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da inkişafına önəm verdiyini qeyd edib və bu istiqamətdə lazımi dəstək verəcəyini vəd edib.

Görüş zamanı G.İsmayılzadə 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində Azərbaycanın Vətən müharibəsində böyük qələbə qazandığını və uzun müddətdir Ermənistan ordusu tərəfindən işğal altında saxlanılan torpaqların azad edildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Japan Foundation” Yaponiya parlamentinin qərarı ilə 1972-ci ildə yapon mədəniyyətinin beynəlxalq səviyyədə təşviqini həyata keçirən xüsusi hüquqi orqan olaraq təsis edilib.

2003-cü il oktyabrın 1-dən “Japan Foundation” Yaponiya Xarici İşlər Nazirliyinin tabeliyində olan təşkilata çevrilib. Bu təşkilata Yaponiya XİN-in yüksək səviyyəli rəsmiləri başçılıq edir. K.Umamoto Yaponiyanın BMT-də xüsusi nümayəndəsi və İtaliyada səfiri olub.

2021-02-06