İşğaldan azad edilmiş ərazilərdə günəş və külək elektrik stansiyaları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə günəş və külək elektrik stansiyaları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə günəş və külək elektrik stansiyaları tikiləcək.

AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, Qərargahın nəzdində katiblik və 15 kommunikasiya funksiyalarının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstəyin göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. Ötən ilin dekabr ayında işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə Energetika Nazirliyi tərəfindən İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və “Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülüb. Hazırda işçi qrupun və konsepsiyanın yaradılması üzrə müvafiq tədbirlər görülür.

Həmçinin 6 rayonda (Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. Bu hesablamalar ərazilərin prioritetləşdirilməsindən və seçilməsindən sonra ilkin texniki iqtisadi əsaslandırmaların hazırlanmasında istifadə ediləcək. Müəyyən edilmiş ərazilərdə torpaqların gələcəkdə kənd təsərrüfatı məqsədləri üçün istifadə perspektivlərini nəzərə alaraq, ilkin qiymətləndirmələr bu ərazilərin günəş enerji potensialının 4000 meqavatdan çox olmasını bildirir.

Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 metr/saniyə olduğu geniş ərazilər mövcuddur. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8048 ha və 4297 ha olan 2 ərazi, Kəlbəcər rayonu ərazisində sahəsi 5324 ha olan bir ərazi seçilib. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. İlkin enerji istehsalı proqnozu da tərtib edilib.

2021-02-08