“Le Journal du Parlement”: Azərbaycanda qadın hüquqları - ümumi səsvermədən ictimai dəyişikliklərə doğru”

“Le Journal du Parlement”: Azərbaycanda qadın hüquqları - ümumi səsvermədən ictimai dəyişikliklərə doğru”

Fransa Milli Assambleyasının “Le journal du Parlement” rəsmi jurnalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Azərbaycanda qadın hüquqları - ümumi səsvermədən ictimai dəyişikliklərə doğru” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunan məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısa olmasına baxmayaraq, bir sıra nailiyyətlərə imza atdığı diqqətə çatdırılıb, 1919-cu ildə bir çox Avropa ölkələrindən əvvəl ilk parlamentimizin qadınlara səsvermə hüququ verdiyi qeyd edilib.

Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə qadın hüquqları sahəsində bir çox irəliləyişlər əldə olunub. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın hüquqları üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Komitənin fəaliyyəti daha da genişləndirilib və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib.

Məqalədə gender bərabərliyi sahəsində ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunulub, bu sahədə milli qanunvericilikdən söz açılıb.

Həmçinin UNESCO-nun hesabatında tədqiqatçı qadınların statistikasına görə ölkəmizin digər ölkələrdən öndə olduğu göstərilib.

Məqalədə qadınların ölkəmizin siyasi, iqtisadi, sosial həyatında fəal iştirakı da vurğulanıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyət, səhiyyə, ətraf mühit sahəsində, eləcə də cəmiyyətdə fəaliyyəti ilə qadınlarımızı ölkəmizin sosial və siyasi həyatında daha da fəal olmağa ruhlandırır.

2019-06-01