Rusiya nəşrinin redaktoru Heydər Əliyevin Kamışin şəhərinə səfəri barədə xatirələrini bölüşüb

Rusiya nəşrinin redaktoru Heydər Əliyevin Kamışin şəhərinə səfəri barədə xatirələrini bölüşüb

Heydər Əliyev şəhərdəki bütün fabriklərə baş çəkdi və demək olar ki, bütün istehsal sahələrini nəzərdən keçirdi. O, sıravi işçilərlə söhbət edir, həm istehsal prosesinə, həm də gündəlik problemlərə maraq göstərirdi.

AZƏRTAC xəbər verir ki, “İnfokam” internet portalının redaktoru Leonid Smelov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1987-ci ilin baharında Volqoqrad vilayətinin Kamışin şəhərinə səfərini belə xatırlayır.

Jurnalist yazır ki, o vaxt əhalisinin sayı 119 min nəfər olan Kamışin şəhərindəki nəhəng pambıq parça kombinatında 12 min nəfər, yəni şəhər əhalisinin 10 faizi qədər işçi çalışırdı.

L.Smelovun məqaləsində deyilir: “1987-ci ilin baharında Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini Heydər Əliyev Volqoqrad vilayətinə səfər etmişdi. Heydər Əliyev Volqoqraddan sonra Kamışinə gəldi. O, Kamışin pambıq parça kombinatına baş çəkdi. Qonağı kombinatın direktoru Lidiya İvanovna Rıbyançenko qarşıladı.

Heydər Əliyev şəhərdəki bütün fabriklərə baş çəkdi və demək olar ki, bütün istehsal sahələrini nəzərdən keçirdi. O, sıravi işçilərlə söhbət edir, həm istehsal prosesinə, həm də gündəlik problemlərə maraq göstərirdi”.

Müəllif qeyd edir ki, Heydər Əliyevin Kamışinə həmin səfərindən xatirə kimi qalmış fotoşəkillər Dövlət Kataloqunda saxlanılır. Görüşün iştirakçıları xatırlayırlar ki, Heydər Əliyev və Lidiya Rıbyançenko kombinatın həyatı ilə bağlı bütün məsələləri səmimi müzakirə etdilər. Düşüncə tərzinə və xarakterinə görə sənaye sahəsinə yaxşı bələd olan bu insanlar informasiyanı asanlıqla emal etməyi bacarırdı.

L.Smelov xatırladır ki, elə həmin 1987-ci ildə Heydər Əliyev istefa verdi. 1990-cı ildə o, Azərbaycan SSR-ə qayıtdı, 1993-cü ildə isə artıq suveren Azərbaycanın Prezidenti oldu.

2021-02-08