Azərbaycan ilə Pakistan arasında müdafiə, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Pakistan arasında müdafiə, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.

Nadim Raza Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq, bu münasibətlə səfirə təbriklərini çatdırıb. O, münaqişənin həllində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib. General iki ölkə arasındakı qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Pakistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsinə önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.

Səfir Əli Əlizadə Ermənistanın Azərbaycana qarşı son təxribatları və 2020-ci il 10 noyabr tarixli birgə bəyanatdan sonra bölgədə mövcud vəziyyət haqqında məlumat verib. Azərbaycanın və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirən səfir bu əlaqələrin əhəmiyyətli istiqamətlərindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat hər iki ölkə rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində həmin sahələrdə də əməkdaşlığın daim inkişafın müşahidə olunduğunu qeyd edib. Pakistanın Vətən müharibəsi dövründə də Azərbaycanın yanında olmasının və ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin böyük məmnunluqla qarşılandığını vurğulayan Əli Əlizadə göstərilən mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və hökumətinə, eləcə də dost və qardaş ölkənin Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.

Görüşdə Pakistanın və Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasında göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

2021-02-10